OPEK ölkələrində hasilatın artması nefti ucuzlaşdırdı
Amerika Neft İnstitutu və ABŞ Energetika Nazirliyinin açıqlayacaqları hesabatlarda ölkənin kommersiya neft ehtiyatlarının təxminən 2,9 milyon barel azalacağı gözlənilir. Bu amil neftin qiymətlərinə pozitiv təsir göstərməli olsa da, axşam sessiyalarından başlayaraq birjalarda "qara qızıl"ın qiyməti yenidən ucuzlaşmağa başlayıb. Buna səbəb OPEK ölkələrində gündəlik neft hasilatının həcminin 90 min barel artmasıdır. Bu artım əsasən, Liviyadakı hasilat hesabına baş verib.
OPEK ölkələri iyulda hasilatın azaldılması barədə razılaşmaya 84 faiz əməl ediblər. Hesablamalara görə, OPEK ölkələrində hasilat ilin sonuna kimi indiki səviyyədə qalsa, dünya bazarında xam neft çatışmazlığı cəmi 500 min barel təşkil edəcək. Bu isə OPEK razılaşmasının əhəmiyyətinin indidən azalması deməkdir.
ABŞ-ın Venesuelaya sanksiyalar tətbiq etməsi neftin qiymətinə təsir göstərməyib. Hələlik sanksiyalar Venesueladan neft idxalını əhatə etmir. Lakin ABŞ-ın yaxın gələcəkdə ölkənin neftayırma zavodları üçün Venesueladan neft idxal etməyə qadağa qoyacağı istisna olunmur, əgər bu sanksiyalar reallaşarsa, Venesuela gündəlik 750 min barel neft ixracı imkanını itirmiş olacaq.
Ümumdünya iqtisadi böhranının aradan qalxması neftə olan tələbatı artıracaq, BP analitikləri gündəlik tələbatın 1,5 milyon barelədək artacağını proqnozlaşdırırlar. Bu proqnozla yanaşı Çində istehsal aktivliyinin artması neftin gələcəyi ilə bağlı pozitiv əhval-ruhiyyə formalaşdırır. Bu səbəbdən gündəlik qiymətlər müəyyən aralıqda dəyişsə də, ayın sonuna qədər qiymətlərin son 5 ayın maksimum həddinə çatacağı istisna olunmur.
Birjalarda "Brent" markalı neftin bir bareli 51,35 dollardan, Qərbi Texas neftinin bir bareli isə 48,73 dollardan satılır. Qiymətlər bir gündə 2 dollar ucuzlaşıb. Ekspertlər qiymətlərin ABŞ Energetika Nazirliyinin rəsmi hesabatı açıqlanana kimi ucuzlaşa biləcəyini iddia edirlər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV