Bakıda "Beynəlxalq Ordu Oyunları -2017" yarışları başlayır

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Bakıda keçirilən "Dəniz Kuboku - 2017" beynəlxalq yarışları ilə bağlı mətbuat konfransı təşkil olunub.

 

APA TV-nin məlumatına görə, yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib ki, "Beynəlxalq Ordu Oyunları - 2017" yarışları çərçivəsində avqustun 1-dən 11-dək Bakıda keçiriləcək "Dəniz Kuboku - 2017" yarışlarında Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, müşahidəçi qismində isə Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn silahlı qüvvələrinin nümayəndələri iştirak edirlər.

 

"Dəniz Kuboku - 2017"də 300-ə yaxın şəxsi heyətin iştirak edəcəyini vurğulayan Ş. Məmmədovun sözlərinə görə, "Dəniz Kuboku - 2017" yarışları 3 mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı və dəniz hazırlığı üzrə keçiriləcək.

 

Mətbuat konfransında bildirilib ki, "Dəniz Kuboku - 2017"də Azərbaycan Hərbi Dəniz Qüvvələri G-124, G-122 gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyası "Qrad Sviyajsk" kiçik raket, "CB-45" xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələri "Peykan" və "Cövşən" raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələri "Qazaxıstan" və "Sarıarka" raket-artilleriya və "Jayık" hidroqrafiya gəmiləri iştirak edəcək.

 

Diqqətə çatdırılıb ki, bu gün saat 18.30-da Dənizkənarı Milli Parkda  "Dəniz Kuboku - 2017" beynəlxalq yarışlarının təntənəli açılış mərasimi, avqustun 11-i isə yarışların təntənəli bağlanış mərasimi keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR