Çində istehsal aktivliyi artdı, neft bahalaşır

Çinin istehsal aktivliyi indeksinin artması birjalarda nefti bahalaşdırıb. APA TV-nin məlumatına görə, Çində neftə tələbatın artacağına dair əlamətlər qiymətlərə psixoloji təsir göstərib. Neftin bahalaşmasına təsir göstərən digər amil ABŞ-da kommersiya neft ehtiyatlarının azalması olub. Həftə ərzində ölkənin xam neft ehtiyatları 2,9 milyon barel, benzin ehtiyatları isə 1,05 milyon barel azalıb.

 

Nəticədə son 24 saat ərzində birjalarda "Brent" markalı neftin qiyməti 51,87 dollardan 52,78 dollara qalxıb. Qərbi Texas neftinin qiyməti isə uzun fasilədən sonra 50 dollarlıq psixoloji baryeri aşa bilib. Hazırda WTİ neftinin bir bareli 50,27 dollardan satılır.

 

Bu gün axşam Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair ənənəvi həftəlik proqnoz-hesabatı açıqlayacaq. Dünən aparıcı kütləvi informasiya vasitələrinin neft ekspertləri arasında keçirdiyi sorğuya əsasən, ABŞ-ın neft ehtiyatlarının daha da azalacağı gözlənilir. Analoji məqamın Amerika Neft İnstitutunun hesabatında da yer alacağı ehtimal olunur. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR