Şəki meşələrində yanğın: alovla mübarizə 6 saatdan çox çəkib

Şəkidə meşə təsərrüfatı fonduna və kənd bələdiyyəsinə məxsus ərazidə  yanğın olub. APA TV-nin məlumatına görə,  iyulun 31-i günorta saat 13:35 radələrində   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göynük meşəbəyliyinin 2 saylı dolayında və həmin əraziyə bitişik, rayonun Baqqal kənd bələdiyyəsinə məxsus sahələrdə yanğın başlayıb. Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Şəki, Qax və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin texnika və şəxsi heyəti ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası müəssisələrinin əməkdaşları cəlb edilib. Yanğının genişlənərək meşə massivinə keçməsinin qarşısı alınıb. 6 saatdan çox davam edən yanğın nəticəsində Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göynük meşəbəyliyinin 2 saylı dolayına və həmin əraziyə bitişik rayonun Baqqal kənd bələdiyyəsinə məxsus ümumilikdə 18 hektar ərazidə kol-kos, xırda ağaclar  və quru ot  yanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR