IX Qəbələ Beynəlxalq Musiqi Festivalı "Leyli və Məcnun"la açıldı

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

 

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, xalq artisti, dirijor Cavanşir Cəfərov müşayiət edib. Xorun təqdim etdiyi əsər əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr Gülyaz Məmmədova (Leyli), Elnur Zeynalov (Məcnun) və başqaları olub. Peşəkar ifalar tamaşaçıların alqışları ilə qarşılanıb.

 

 

Qeyd edək ki, avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər iştirak edəcək. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə 2009-cu ildən keçirilən bu festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR