Masallı sakinləri istirahətə gəldikləri Lənkəranda zəhərləndi - İLK KÖMƏK POLİSDƏN GƏLDİ

Masallı rayonundan Lənkərana istirahətə gələn üç gənc qidadan zəhərlənib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, zəhərlənmə faktı Lənkəran rayonunun Nərimanabad qəsəbəsində qeydə alınıb. Masallı rayonu Həsənli kənd sakinləri, 29 yaşlı Samir Abbasov, 31 yaşlı Elşən Hüseynov və 29 yaşlı Fərid Məhərrəmov dənizdə çimmək üçün Lənkərana gəlib. Onlar yolda marketlərin birindən kolbasa alıb. Məhz həmin kolbasanı yedikdən sonra hər üç gəncin halı pisləşib. Zəhərləndiklərini hiss edən gənclər xəstəxanaya getmək üçün dərhal avtomobillərinə minərək Ələt-Astara magistral yoluna çıxıb. Onlara ilk köməklik isə yolda xidmət aparan YPX müfəttişləri Samir Süleymanov və Ruslan Kərimovdan gəlib. Zəhərlənən hər üç gənc müfəttişlərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərdən birinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Onların müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsində davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR