İş axtaran 3 övlad atası: "Anama görə hər şeyimizi satdıq"

28 yaşlı gənc ailə başçısı Mirvaleh Ağalarov Xəzər rayonu Binə qəsəbəsində yaşayır. 3 övladı var. Əslən Saatlı rayonundan olan ailə iki ildir şəhərə, qohumlarının evinə köçüb. Yeni tikilidə müvəqqəti məskunlaşan ailənin maddi durumu ağırdır.

 

APA TV-nin məlumatına görə, ailə başçısı Mirvaleh Ağalarov orta təhsillidir. İşsizdir. Özünün dediyinə görə bu yaşınadək rayonda heyvandarlıqla məşğul olub. İki il öncə Mirvalehin anası ağır xəstəliyə tutulandan sonra o, mal-qaranı satıb anasının müalicəsi üçün ailəsi ilə birgə Bakıya üz tutub.

 

Hazırda Milli Onkologiya Mərkəzində müalicə olunan 1968-ci il təvəllüdlü Məmmədova Yeganə İbrahim qızı döş vəzi xərçəngindən əziyyət çəkir. Mirvaleh Ağalarov isə anasının xəstəxana xərclərini qarşılamaq üçün iş axtarır: "İki ildir Bakıya gəlmişəm. İşsizlikdən əziyyət çəkirəm. Bu günə kimi də iş axtarıram, arada müxtəlif istixanalarda çalışmışam, usta yanında fəhləlik etmişəm. Bakıya gəlməyimin əsas məqsədi də elə işsizliyim oldu. Anam ağır xəstəliyə tutuldu, müalicəsi üçün mal-heyvanımızı satdıq. Əməliyyatına görə əldə-ovucda heç nə qalmadı".   

 

Mirvalehin iki azyaşlı övladı Rüqəyyanın 5 , Xədicənin isə 6 yaşı var. Ailə imkansızlıqdan övladlarını uşaq bağçasına verə bilmir.

Heç bir yerdən yardım almayan,  öz zəhmətinə güvənən gənc ata deyir ki, əgər ailənin ehtiyaclarını qarşılayacaq bir iş taparsa problemlərinin öhdəsindən tək də gələ bilər: "Heç nəyi çatdıra bilmirəm. Anam sağalsın deyə hər şeyi satırıq. Hazırda kim çağırsa gedib işləyirəm. O, da bir gün olur, beş gün yox. Nə övladlarıma baxa bilirəm, nə də anamın iynə, dava-dərmanını çatdıra bilirəm. Bir qardaşım Saatlıda mədrəsədə dərs alır. Digər bir qardaşım da işsizdir. O, hazırda rayonda anama baxır. Mən də işləyib qazananda həm onlara göndərirəm, həm də balalarıma baxıram. Vəziyyət də günü-gündən pisləşir. Övladlarım böyüyür, əyinlərinə geyəcək paltar almağa belə imkanım yoxdur. Bütün günü bunları fikirləşirəm".

 

O, müxtəlif yerlərə iş üçün müraciət etsə də müsbət cavab ala bilməyib: "Çox yerə getmişəm. Şəhəri o qədər də yaxşı tanımasam da, iş üçün hara deyiblərsə, ora da getmişəm. Ünvanlı sosial yardım da almıram. Saatlıda olanda dəfələrlə müraciət etdim, amma alınmadı. Bütün sənədlərim də qaydasındadır. Marketlərə gedirəm iş axtarıram. 300 manat maaş təklif edilir. Mən iki ailəni üstəlik anamı da nəzərdə tuturam, 300 manata necə saxlayım?"
 

Təmizlik, mühafizə, fəhləlik - nə iş olsa problem yoxdur deyən müsahib işləməkdən qorxmur. Zəhmətinə güvənir.

 

Dəstəyə ehtiyacı olan ailəyə biganə qalmayın.

 

Ünvanları Xəzər rayonu Binə qəsəbəsi, telefon nömrələri 055 757 52 42.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR