Bakıda 11 maşın toqquşdu: 3-ü eyni ailədən olmaqla 4 nəfər xəsarət aldı

Bakıda 11 maşının iştirakı zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Prospektlə “Qələbə” dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan “Shacman” markalı yük maşınının sürücüsü tuneldə idarəetməni itirib. Nəticədə yük maşını qarşısında hərəkətdə olan 9 minik avtomobilini əzib, sonra isə başqa bir “Shacman”a çırpılıb. Avtomobillərdən biri iki yük maşınının arasında qalıb deformasiyaya uğrasa da, xəsarət alan olmayıb.

 

Buna baxmayaraq, qəza nəticəsində digər avtomobillərdə 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, "Opel" markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.

 

Qəzanı törədən “Shacman”nın sürücü avtomobilini hadisə yerində qoyaraq, hadisə yerindən uzaqlaşıb.

 

Hadisə nəticəsində Ziya Bünyadov prospektində hərəkət zolaqlarından ikisi bağlanıb, uzun tıxac yaranıb.

 

Qəzaya uğrayan avtomobillər yolun hərəkət hissəsindən götürüldükdən sonra prospektdə nəqliyyatın hərəkəti tədricən normallaşıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədərək hadisə yerindən qaçan sürücünün axtarışlarına başlanılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR