Peşə məktəblərinə “ASAN peşə” layihəsi çərçivəsində qəbul başlayır
Azərbaycanda peşə məktəblərinə “ASAN peşə” layihəsi çərçivəsində qəbul başlayır.
APA TV-nin xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 1-dən 22-dək 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu aparılacaq: "Keçən il, bildiyiniz kimi, bu layihə Bakı və Sumqayıt Gəncə şəhərlərində həyata keçirilmişdir. İlk peşə təhsil müəssisələrinə bu il isə bu əməkdaşlığın çərçivəsi genişlənib və bütün Azərbaycan coğrafiyasını əhatə edir. Qeyd etmək istəyirəm ki, ötən il 4000 nəfərdən artıq bizim gənclərimiz Bakıda və Gəncədə sadəcə olaraq öz sənədlərini elektron qeydiyyatdan keçirərək müvafiq şəxsiyyəti təsdiq edən sənədlərini, eyni zamanda özlərinin təhsil haqqında aldıqları şəhadətnamələri və attestatı təsdiq edərək bizim ilk peşə ixtisas təhsil müəssisələrinin şagirdləri olublar. Ötən il sənəd verənlərin 25 faizinin orta bal göstəricisi 4-dən yuxarı olub. Bu o deməkdir ki həmin gənclər təkcə ilk peşə təhsili müəssisələrinə deyil, müvafiq olaraq orta ixtisas müəssisələrinə, hətta ali təhsil müəssisələrinə də qəbul ola bilərdilər".
Nazirlik rəsmisi qeyd edib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Onun sözlərinə görə, şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir: “Sənəd qəbulu komissiyalarında müraciət edənlərin sərbəst seçimi əsasında ilk peşə-ixtisas təhsili müəssisələri və onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə iştirak edə bilər”.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV