Azərbaycanda 47 min nəfər müəllim olmaq üçün imtahan verəcək

"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin ikinci günüdür. İmtahanda artıq 4 minə yaxın şəxs iştirak edib".

 

APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

 

Nazirlik rəsmisi imtahanların avqustun 5-dək davam edəcəyini qeyd edib: "Həmin günlər ərzində 50 mindən çox müəllim qeydiyyatdan keçmiş, elektron ərizəsini tamamlayıb təsdiq edən isə 48 minə yaxın namizəd idi. Təhsil Nazirliyi tərəfindən hər bir elektron ərizə, orada olan məlumatlar təkrar yoxlanılmış və 47 minə yaxın müəllimin elektron ərizəsi təsdiq edilmiş, həmin müəllimlər imtahana dəvət olunub".

 

E.Bağırov bu il müsabiqəyə minlərlə vakansiya təqdim olunduğunu vurğulayıb: "Növbəti vakant seçimi mərhələsində 8000-ə yaxın vakant yer elan olunacaq. Əvvəlki illərdə bu 4000-ə yaxındır. Vakansiyaların təbii ki, böyük hissəsi Bakıdadır. Fənlər üzrə baxsaq, bu, daha çox ibtidai sinif müəllimliyi ixtisası üzrədir".

 

İmtahanda namizədlərə ümumilikdə 1 saat ərzində 60 test tapşırığı təqdim olunur ki, onlardan 40-ı ixtisas, 20 sual isə müvafiq olaraq "Məntiq" və "İnformatika" fənləri üzrə qruplaşdırılıb. İmtahana buraxılmazdan əvvəl namizədlər ciddi şəkildə yoxlanılır və imtahan zalına köməkçi, habelə elektron vasitələrin keçirilməsinə icazə verilmir. Eyni zamanda imtahan otağında hər hansı neqativ halın baş verməməsinə imtahan nəzarətçiləri tərəfindən diqqət yetirilir.

 

Elə imtahanda iştirak edənlər də proses zamanı neqativ halla qarşılaşmadıqlarını deyiblər.

 

Digər namizəd Sevinc Seyidova üçün isə suallara cavab vermək heç də çətin olmayıb: "Çox çətinlik olmadı mənim üçün, normal. 40 suala cavab verə bildim. Yazmaq olardı, yəni oxuyan insan yaza bilərdi. Cavabları gözləyirəm, yəqin ki, yaxşı olar".

 

Qeyd edək ki, namizədlərin imtahanda topladıqları bal imtahan bitdikdən dərhal sonra monitorda əks olunur. İmtahandan uğurla keçənlər III, yəni müsahibə mərhələsinə dəvət edilirlər. Yekunda uğur qazanan namizədlər isə məktəblərdəki vakant yerlərə istiqamətləndirilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR