ABŞ-Rusiya münasibətləri kəskin pisləşdi: Konqres sanksiyalar üzrə qanun layihəsi qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib.  Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.

 

Səsvermənin nəticələri onu göstərir ki, Senatın təsdiqindən sonra prezident sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə, Palata ölkə başçısının vetosunu qüvvədən salmaq iqtidarında olacaq.

 

Qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidenti bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağa məcbur edir.  Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi.

 

Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.

 

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məsələyə çox sərt reaksiya verib. Onun sözlərinə görə, Rusiya ABŞ-ı təhlükə mənbəyi hesab edir və buna əsaslanaraq qərarlar qəbul edir.

 

“Bu qərar ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir. Onlar təlxəklik edib öz həddini bilmirlər. Bunu belə anlamaq və sakit tərzdə, təmkinlə, götür-qoy edib hərəkət etmək lazımdır. Baş verənlər məntiqə və sağlam düşüncəyə sığmır”, - deyə o bildirib

 

Nazir müavini Vaşinqtonun hərəkətlərini Rusiya ilə münasibətləri normallaşdırmaq perspektivlərini məhv etmək istiqamətində atılan addım adlandırıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR