İnadına 700 bal topladılar - REPORTAJ
Qabil Əliyev I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında bütün suallara düzgün cavab verərək 700 bal toplayıb.
APA TV-nin xəbərinə görə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu olan Qabil yüksək bal toplamasının sirrini dərslərinə ciddi yanaşmaqda görür.
Abituriyent bu nəticəni əlavə hazırlığa getmədən əldə edib. Qabil 700 bal yığacağına əvvəlcədən inanırmış: "1-ci imtahanda 680 bal yığmışdım. Düzü, çox gözləyirdim, suallar da asan idi, amma bir az diqqətsizlik oldu. Amma ikinci imtahanda topladım. Valideynlərim, müəllimlərim bu nəticəni məndən gözləyirdilər".
Qabil ixtisasını dəqiqləşdirməsə də, Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir: "Bakı Ali Neft Məktəbini istəyirəm. Kimya mühəndisliyini, ya da proseslərin avtomatlaşdırılmasını fikirləşirəm".
Jalə Məmmədova da I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimal nəticə əldə edərək 700 bal toplayıb. Xırdalan şəhər 5 nömrəli tam orta məktəbinin məzunu Jalə uğurunun sirrini davamlı çalışmaqda görür. İlk imtahanda 695 bal toplayan Jalə deyir ki 2-ci imtahanda 700 bal yığmaq üçün iştirak edib. Deyir, yüksək bal yığmasına görə valideynlərinə və müəllimlərinə borcludur: "Məncə, bunun səbəbi məktəbdən və aşağı sinifdən sistemli oxumaqdır. Valideynlərim və müəllimlərim dəstək oldular mənə. 1-ci imtahandan 695 bal yığmışdım ona görə ikinci imtahana girdim".
Jalə deyir ki, 700 bal yığmaq üçün bütün fənlərə məsuliyyətlə yanaşmaq lazımdır. İxtisas seçiminə gəlincə, Jalə iki ixtisas arasında seçim aparacaq. Hansı universitetdə oxuyacağını da hələ müəyyənləşdirməyib, amma arzusu mühəndis olmaqdır: "Ya kimya, ya da proseslərin avtomatlaşdırılmasını fikirləşirəm. Marağım o sahəyədir, texniki fənlərə marağım daha çoxdur, ona görə bu sahəni seçirəm".
Jalənin valideynləri və müəllimləri də ondan 700 bal toplayacağını gözlədiklərini deyirlər: "Gözləyirdik, iki ildir inanırdıq ki, bu balı yığacaq. Jalə 1-ci sinifdən 11-ə kimi yaxşı oxuyub bütün fənləri. Seçim etməyib, son iki ildir qrup fənlərinə üstünlük verib".
Qeyd edək ki, DİM-in iyulun 22-də keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə iki abituriyent, IV ixtisas qrupu üzrə isə bir abituriyent onlara təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV