Göyçayda daha iki avtobus yandı - MÜƏMMA DAVAM EDİR

Göyçay rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 2:00 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində qeydə alınıb.

 

Rayon sakinlərinə məxsus “PAZ” markalı iki sərnişin avtobusunun mühərrik yeri və salonu tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib, böyük təhlükənin qarşısı alınıb. Şəhərin mərkəzində yerləşən “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verən yanğın söndürülüb və ətrafdakı avtobuslar, inzibati bina, ticarət mərkəzi, evlər, irigövdəli ağaclar yanğından mühafizə edilib. Polis əməkdaşları hadisə yerinə və təhlükəsizlik kamerası vasitəsilə yanğının baş vermə anına baxıblar. Faktla bağlı araşdırma aparılır.

 

Məlumata görə, yanan avtobuslar bir neçə vaxtdır qarajda istifadəsiz qalıb. Sərnişindaşımada istifadə edilməyən bu avtobusların gecə saatlarında qəflətən hansı səbəbdən yandığı məlum deyil. Əraziyə nəzarət edən gecə növbətçisi polisə izahatında havanın qaranlıq olduğu üçün yanğın vaxtı ərazidə heç kimi görə bilmədiyini və yanğının avtobusun mühərrikindəki nasazlıq səbəbindən baş verə biləcəyini deyib. Avtobusların yandırıldığı ehtimal olunur.

 

Qeyd edək ki, bir həftə öncə gecə saatlarında bu avtobusların yanında dayanmış “Mercedes” markalı sərnişin avtobusu da naməlum səbəbdən yanaraq yararsız hala düşüb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR