Rasim Musabəyov: "Prezident Putinlə görüşdə müəyyənləşdirmək istədi ki..."

"Prezident İlham Əliyevin ABŞ dövlət katibi Reks Tillerson və Avropa ölkələrinin liderləri ilə apardığı danışıqlar, habelə Rusiyaya sonuncu səfəri ölkəmizin ilk növbədə bu dövlətlərdən Dağlıq Qarabağ münaqişəsinin həllində konkret mövqe gözlədiyinə işarədir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri millət vəkili, politoloq Rasim Musabəyov səsləndirib.

 

O, eyni zamanda ölkəmizlə Rusiya arasındakı münasibətlərin geniş sahələri əhatə etdiyini vurğulayıb: "Bizim Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir və Ermənistandan fərqli olaraq, biz Rusiyadan heç nəyi müftə istəmirik: nə silah, nə yanacaq, nə də ayrı bir şeylər. Biz hər şeyin pulunu ödəyirik və bu münasibətlər hər iki tərəfə fayda verəndir. Azərbaycan prezidenti Putinlə görüşdə müəyyənləşdirmək istəyirdi ki, Rusiya ermənilərin inadkarlığına, Putinin öz ətrafında olan ermənipərəst insanların təsirlərinə nəyisə qurban vermək istəyindədir, yoxsa yox. Bu suala cavabdan asılı olaraq düşünürəm ki, Azərbaycan da öz siyasi xəttini dəqiqləşdirəcək".

 

Millət vəkili bildirib ki, prezidentlər arasındakı son danışıqların ölkəmiz üçün əsas mahiyyəti rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə verəcəyi dəstək müqabilində Bakıdan gözləntilərini, o cümlədən Ermənistana təzyiqlərinin nədən ibarət olacağını daha yaxşı təhlil etməkdən ibarətdir: "Əslində Ermənistan Rusiyanın cibindədir və onun qaçası yeri yoxdur. Sadəcə olaraq mahiyyət ondan ibarətdir ki, Rusiya "erməni kartı"ndan hansı şəkildə istifadə edəcək və bu məsələni beynəlxalq hüquq normaları çərçivəsində yoluna qoymaq müqabilində Azərbaycandan istəkləri nədir və bu konfliktin sülh yolu ilə həllinə dair təkliflərində Azərbaycan üçün məqbul variant var, yoxsa yox. Ermənistan Rusiyanın forpostu, əlaltısı, Azərbaycan isə Rusiyanın partnyorudur".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR