Bakıda qəbul imtahanı keçirilən universitet binasında yanğın oldu

Bakıda universitet binasında yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında qeydə alınıb. Zalda olan elektrik naqilləri yanıb.

 

İdman zalı Universitetə yaxın olduğundan, havaya qalxan tüstü Azərbaycan Kooperasiya Universitetinə dolub. Həmin binada isə qəbul imtahanları keçirilirmiş. Abituriyentlər və nəzarətçilər dərhal universitetdən təxliyə olunublar.

 

Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Onun sözlərinə görə, yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub: "Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün imkan yaradılacaq".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR