Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin məzarını ziyarət ediblər

22 iyul - Milli Mətbuat günündə Gəncədə çalışan mətbuat nümayəndələri Həsən bəy Zərdabinin məsləkdaşlarından və “Əkinçi” qəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, öz dövrünün ən işıqlı simalarından olmuş Əsgər ağa Gorani tariximizə maarifçi, xeyriyyəçi, publisist , tərcüməçi, hətta teatr xadimi kimi daxil olub.

 

Əsgər ağa Gorani “Əkinçi”nin ən fəal yazarlarından olub. Qəzetin 17 nömrəsində onun 39 məqaləsi dərc olunub. Əsgər ağa Gorani yüksək savada malik olduğuna görə ədliyyə sistemində də çalışıb, ömrünün son 5 ilində isə Gəncə şəhər Bələdiyyə İdarəsinin sədri olub. XX əsrin əvvəllərində Gəncə və Gəncəbasar bölgəsindəki inkişaf məhz onun fəaliyyəti ilə bağlı olub. Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə Gəncədə biri qızlar üçün olmaqla dörd məktəb, bir xəstəxana açılıb, Sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin məzarı təmir olunub.

 

1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulan Əsgər ağa Goranı 1910-cu ildə vəfat edib və Gəncədə yerləşən “Səbiskar” qəbiristanlığında dəfn olunub. Onun qəbri regionda fəaliyyət göstərən jurnalistlərin ziyarətgahına çevrilib.

 

Bu gün həmçinin Gəncə Şəhər İcra Hakimiyyətində də 22 iyul - Milli Mətbuat günü münasibətilə tədbir keçirilib. Tədbirdə medianın cəmiyyətdəki rolundan danışılıb və bölgədə çalıçşan jurnalistlərin əməyi yüksək qiymətləndirilib, fəaliyyətində fərqlənən media işçiləri təltif olunublar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR