Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndə heyəti Bakıda olub

İyulun 21-də Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

 

APA TV-nin xəbərinə görə, əvvəlcə Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədr müavini Fatih Özərin rəhbərlik etdiyi nümayəndə heyəti FHN-in Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürmə texnika və avadanlıqları ilə tanış olub, onlara şəxsi heyət üçün yaradılmış şəraitlə bağlı məlumat verilib.

 

Sonra Türkiyə nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olub.

 

Nümayəndə heyəti ilə Fövqəladə Hallar Nazirliyində keçirilmiş görüşdə nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat verib, qardaş Türkiyənin bu qurumu ilə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 

Fatih Özər təmsil etdiyi qurumun FHN ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, keçirilən birgə tədbirlərin ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynadığını bildirib.

 

Görüşdən sonra qonaqlar FHN-in Akademiyasında da olublar. Akademiyanın rəisi general-mayor Pənah Süleymanov türkiyəli qonaqlara bu ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib, onları buradakı laboratoriya və texnika ilə tanış edib.

 

Daha sonra fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyətlə komplektləşdirilməsi və Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) klassifikasiya mərhələsi üzrə taktiki-xüsusi təlimin gedişini izləyib. Təlimə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Tibb xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının texnika və avadanlıqları və şəxsi heyəti cəlb olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR