Prezident Bakının Pirallahı rayonunda görülmüş işlərlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək layihələrlə tanış olub.

 

APA TV-nin məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.

 

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılan ərazidə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir. Sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub.

 

Məlumat verilib ki, Pirallahı qəsəbəsinin müfəssəl planlaşdırma layihəsinin 2033-cü ilədək həyata keçirilməsi nəzərdə tutulub. Beləliklə, qəsəbədə 35 min sakinin məskunlaşması mümkün olacaq.

 

Daha sonra prezident İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.

 

Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.

 

Dövlət başçısı Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Prezidentə müəssisə barədə məlumat verilib. Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Açıq tipli fermada isə ildə 50 ton rus nərəsinin yetişdirilməsi nəzərdə tutulub. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır.

 

Prezident İlham Əliyev Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə də tanış olub. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda görülən işlər və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verib.

 

Qeyd edilib ki, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması da nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR