Almaniya Türkiyə ilə hərbi layihələri təxirə salır - YENİ GƏRGİNLİK
Almaniya hərbi sahədə Türkiyə ilə həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrasını müvəqqəti dayandırmaq qərarına gəlib. APA TV-nin xəbərinə görə, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Berlin Ankara ilə bağlanan sazişlərə yenidən baxmağı planlaşdırıb.
İki ölkə arasında münasibətlərin korlanmasına səbəb Türkiyədə 6 hüquq müdafiəçisinin həbs olunmasıdır. Onlardan biri Almaniya vətəndaşıdır. Saxlanılanlar terror qruplaşmaları ilə əlaqədə suçlanırlar. Bundan sonra Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan edib ki, Türkiyə ilə siyasi münasibətləri əvvəlki kimi davam etdirə bilməzlər. Onun sözlərinə görə, bu ölkədə vəziyyət şəffaf deyil: "Almaniya vətəndaşı olan şəxs Türkiyədə insan haqları ilə bağlı təşkil olunan seminarda iştirak edib. Onun Türkiyədə fəaliyyət göstərən heç bir partiya üzvü ilə əlaqəsi yoxdur, KİV-də heç vaxt yazılar yazmayıb, müsahibə verməyib".
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə almaniyalı nazirin rəhbərinin fikirlərinə sərt reaksiya verib: "Bu münasibət Türkiyə məhkəməsinə, öz suverenliyini heç kimə güzəştə getməyən Türkiyəyə hörmətsizlikdir. Onlar bizim çıxardığımız qərarlara hörmətlə yanaşmalıdır. Bir daha bəyan edirik ki, Almaniya vətəndaşlarına Türkiyədə heç bir təhlükə yoxdur və ola da bilməz".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə daha da irəli gedərək, özünün "Tvitter" səhifəsində Almaniyanı PKK və FETO terrorçularına sığınacaq verməkdə günahlandırıb.
Türkiyənin baş naziri Binəli Yıldırım vəziyyətin gərginləşməsinin heç bir ölkənin xeyrinə olmadığını və anlaşılmazlıqların hər iki ölkənin daxili siyasətindən qaynaqlandığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV