Yusif Səfərov küçəsindəki geri dönmə yeri ləğv ediləcək - BNA-DAN YENİ TƏKLİFLƏR

Heydər Əliyev prospekti ilə Bakının mərkəzini birləşdirən Yusif Səfərov küçəsində dəyişikliklər ediləcək.

 

APA TV-nin xəbərinə görə, Bakı Nəqliyyat Agentliyi (BNA) Yolların Optimallaşdırılması Layihəsi çərçivəsində bu yollarda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün yeni təkliflər hazırlayıb.

 

BNA-nın şöbə müdiri Tərlan Səfərov bildirib ki, layihədə Yusif Səfərov küçəsində daha 2 kəsişmədə düzünə hərəkətin təşkili təklif olunur. Eyni zamanda Yusif Səfərov küçəsində yerləşən geri dönmə yeri ləğv ediləcək: "Sabit Orucov küçəsi ilə Nizami küçəsi və 28 May küçəsi ilə Mehdi Mehdizadə küçəsi üzrə düzünə hərəkətin təşkili təklif olunur. Kəsişmələrin sinxronlaşdırılmış işıqforlarla idarə olunması ərazidə nəqliyyat sıxlığının yaranmasının qarşısını almaqla yanaşı, həm də Üzeyir Hacıbəyov küçəsində nəqliyyat axınının nizamlanmasına imkan verəcək. Nizami küçəsi ilə kəsişmədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidinin təşkili də nəzərdə tutulub. Eyni zamanda qeyd edilən kəsişmələr Yusif Səfərov küçəsində mövcud geridönmə yerinin ləğv edilməsi, geridönmələrin bu kəsişmələr vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq".

 

Bu kəsişmələrin təşkil edilməsi həm də "Ağ Şəhər" layihəsini şəhər mərkəzi və Nəriman Nərimanov prospekti ("Sovetski") ilə birbaşa birləşdirəcək əhəmiyyətli cüt dəhliz yaradacaq. "Ağ Şəhər" layihəsi çərçivəsində qeyd edilən ərazidə 50 min sakinin məskunlaşmasının və 30 mindən çox nəqliyyat vasitəsinin gün ərzində bu ərazidən istifadə etməsinin nəzərdə tutulması layihənin əhəmiyyətini daha da artırır.

 

Eyni zamanda Nəcəfqulu Rəfiyev küçəsi Babək prospektindən şəhər mərkəzinə və əks istiqamətdə əsas dəhlizə çevirəcək, S.Orucov və M.Mehdizadə küçələrini müvafiq olaraq A.Cəlilov küçəsi və Neftçilər prospektinə paralel alternativlərə çevirəcək. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR