Egey dənizində güclü zəlzələ: Türkiyə və Yunanıstan silkələndi

Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidmətin məlumatında bildirilir.

 

Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın Kos adasından 16,2 km aralıda yerləşib.    

 

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib. Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub. Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub. Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib.   

 

Güclü zəlzələdən sonra Türkiyənin Bodrum şəhərinin 70-dək sakini xəstəxanalara müraciət edib. Xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.    

 

Güclü zəlzələ nəticəsində Yunanıstanda azı 100 nəfər xəsarət alıb. Bundan əvvəl iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib.  

 

Xəsarət alanların əksəriyyəti Kos adasındadır. Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Yeraltı təkanlar nəticəsində bir neçə köhnə bina uçub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ordu qüvvələri cəlb edilib.  

 

Ada və qitə arasında bərə əlaqəsi dayandırılıb.  

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR