Prezident jurnalistlər üçün tikilən ikinci binanın açılış mərasimində iştirak edib

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın rəsmi açılış mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.

 

Azərbaycan prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 birotaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

 

Sonra prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı açılış mərasimində çıxış edib:

 

"Qarşıdan jurnalistlərin peşə bayramı gəlir. Bu münasibətlə bütün Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram.

 

Bu gözəl peşə bayramı ərəfəsində biz jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışına toplaşmışıq. Bu, sayca ikinci binadır. Birinci binada artıq neçə ildir ki, jurnalistlər yaşayır. Biz indi də ikinci binanın açılışını qeyd edəcəyik. Birinci binada 156, ikinci binada isə 255 mənzil var və eyni zamanda bu gün biz üçüncü binanın təməlini qoyacağıq. Üçüncü binada da 255 mənzil nəzərdə tutulur. Beləliklə, qısa müddət ərzində yüzlərlə jurnalistə dövlət tərəfindən mənzil verilir. Bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətin təzahürüdür.

 

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.

 

Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik.

 

Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar.

 

Hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var. Adətən bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dəniz mənzərəli binalar daha da prestijli sayılır. Bax, bu binalar həm dəniz mənzərəlidir, həm də şəhərin mərkəzində yerləşir. Buradan “Azneft” meydanına maksimum 5 dəqiqəlik yoldur. Bu, bir daha onu göstərir ki, biz çalışırıq jurnalistlər üçün ən yaxşı şərait yaradaq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır. Əminəm ki, jurnalistikada böyük xidmətlər göstərmiş, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar burada rahat yaşayacaqlar.

 

Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib.

 

Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır.

 

Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.

 

Bir sözlə, əziz dostlar, mən bu gün bu fürsətdən istifadə edərək, jurnalistikamızın inkişafı ilə bağlı bəzi fikirlərimi sizinlə bölüşmək istədim. Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına-düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək. Sağ olun".

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələrinə göstərdiyi diqqətə və qayğıya görə dövlət başçısına minnətdarlıq edib. Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim edib.

 

Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

 

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

 

Qeyd edək ki, bu binada 255 jurnalistə mənzil hədiyyə edilib. Onların arasında “APA Holding”in altı əməkdaşı da var.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR