Bakıda Qüds problemi ilə bağlı beynəlxalq konfrans keçirilib

Bakıda Qüds problemi ilə bağlı 4-cü beynəlxalq konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, BMT və İƏT tərəfindən təşkil olunmuş tədbirdə beynəlxalq təşkilatların təmsilçiləri və diplomatik korpusun nümayəndələri iştirak edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev deyib ki, Qüds məsələsi həll olunmadan Ərəb-İsrail münaqişəsi həll edilməyəcək. Azərbaycanın Qüds məsələsinə aid BMT qətnamələrinin dəstəklədiyini deyən Ş.Abdullayev hazırda bölgədəki mənfi halların vəziyyəti daha da gərginləşdirdiyini və fələstinlilərin vəziyyətini çətinləşdirdiyini deyib.

 

BMT baş katibinin köməkçisi Miroslav Ença isə qeyd edib ki, BMT-nin iki dövlət planı daimi sülhün və fələstinlilərin haqlarının bərpası üçün yeganə yoldur. Onun fikrincə, İsrail dövlətinin süni məskunlaşması planının qarşısı alınmalı, fələstinlilərin daxilindəki ədavətə son qoyulmalıdır.

 

Fələstin xalqının hüquqlarının müdafiəsi komitəsinin sədri Rafael Dario Ramires isə Qüdsdə baş verənlərin bütün dünyaya təsir etdiyini deyib. Onun sözlərinə görə, bu məsələ dini fanatiklərin əlindən alınmalı, orada yaşayan insanların xeyrinə çevriləcək danışıqlar aparılmalıdır. Turizm və infrastrukturun bərpası Qüdsün fələstinlilər yaşadığı hissəsinin inkişafına təkan verəcək.

 

İƏT baş katibinin köməkçisi Samir Bakr təşkilatın Qüds və fələstinlilərin müdafiəsi üçün səylərini davam etdirəcəyini deyib. Onun qənaətinə görə, hazırda Qüdsdə baş verənlər beynəlxalq hüquq və Cenevrə konvensiyasının kobud pozulmasıdır.

 

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riad Mansur isə dindar insanların müqəddəs yerlərə getmələrinin qarşısının alınmasının qəbuledilməz olduğunu söyləyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR