Sabirabadın bəzi pambıq sahələrində su problemi yaşanır

Sabirabad rayonunun Moranlı və Şəhriyar kəndlərində pambıq sahələrinin suvarılmasında ciddi problem yaşanır.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, kənd sakinləri bəzi yerlərdə sahələrə su verilməməsi ucbatından pambıq sahələrinin tələf olmaq üzrə olduğunu bildirib.

 

Onların dediyinə görə, susuzluqdan pambıq vaxtından əvvəl gül açdığı üçün məhsuldarlıq kəskin aşağı düşür. Bu da sonda əkinə  qoyulan xərcin ödənməməsi deməkdir.

 

Kəndlilər deyir ki, pambığın əkilib-becərilməsi üçün hər şey var - gübrə, toxum, texnika, maşın, səyyar su nasosları, işçi qüvvəsi. Yalnız sahələrin yaxınlığında yerləşən suvarma kanalları susuzdur və əsas mənbələrdən su ilə qidalanma yerinə yetirilmir. Əlacsız qalan kəndlilər sahələri şor su ilə suvarırlar. Bu da məhsuldarlığın səviyyəsinin aşağı düşməsinə səbəb olur.

 

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsinin rəis müavini Vidadi Babayevin sözlərinə görə, suyun sahələrə çatdırılmamasının əsas səbəblərindən biri Araz çayında suyun səviyyəsinin aşağı düşməsi və bu çaydan mənbə kimi istifadə edən Aşağı Muğan və Gümüş kanallarının su sərfi göstəricilərinin aşağı olmasıdır. Digər tərəfdən, suya olan tələbat kəskin artdığı üçün suyun növbə ilə sahələrə verilməsi səbəbindən müvəqqəti yaranmış çətinliklərdir. Kür çayından çəkilən 24 kilometrlik kanal ətrafında yerləşən kəndlərdə bu problemlər artıq mövcud deyil. Gələn il su problemi bu kanalın davamının başa çatdırılmasından sonra tam aradan qalxacaq. Adı çəkilən kəndlərin əkin sahələri davamlı olaraq suvarma suyu ilə təchiz olunacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR