Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri birgə bəyanat yaydı

"Bakı-Tbilisi-Qars layihəsi işə düşəndən sonra böyük imkanlar açılacaq". APA TV-nin xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda dördüncü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir üç ölkənin bir çox regional layihələr həyata keçirdiyini bildirib: "Gələn il Azərbaycan 6 milyard kubmetr həcmində təbii qazı Türkiyə bazarına çatdıracaq. Azərbaycan qazı Türkiyənin ardınca İtaliya bazarına çıxarılacaq".

 

Elmar Məmmədyarov üç ölkənin xarici işlər nazirlərinin 2017-2020-ci illərdə gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılığa gəldiklərini deyib. O əlavə edib ki, Türkmənistan Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan layihələrə maraq göstərir: "Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür. Gələn ildən 25 milyon tonadək yükdaşıma imkanlarından istifadə etmək olar".

 

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov deyib ki, Azərbaycan, Türkmənistan və Türkiyənin üçtərəfli formatda sıx əməkdaşlığı inkişaf etdirmək üçün böyük istəkləri var. Tərəflər xüsusilə siyasi, enerji, ticarət və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər: "Bizim əsas məqsədimiz Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçılarının sammitinə hazırlıqdır. Biz iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətindəyik.  Bu il ölkələrimiz diplomatik münasibətlərin 25 illiyini qeyd edir və bu münasibətlərin inkişaf etdirilməsində israrlıdır".

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticarət dövriyyəsində azalma olduğunu deyib. Onun sözlərinə görə, vəziyyəti bərpa etmək üçün potensial var: "Bu layihələri həyata keçirməyimiz üçün atacağımız önəmli addımlar var. Bu proyektləri həyata keçirməliyik. Bakı-Tbilisi-Qars bu bahar işinə başlayacaq. Bununla bitmir, liman proyektlərimiz də var".

 

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub. Növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılığa gəlinib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR