Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük xidməti rəhbərləri Bakıda görüşdü
Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçirilib.
APA TV-nin xəbərinə görə, görüşün sonunda "Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul edilib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, tədbirdə əsas məqsəd gələcəkdə işçi qrupunun yaradılmasıdır. Eyni zamanda burda bəyanat qəbul olunacaq. Qardaş ölkələr arasında dəhlizin inkişafı və asanlaşma prosedurları nəzərə alınacaq.
Görüş çərçivəsində "Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş" imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkci imzalayıblar.
Qeyd edək ki, tədbir çərçivəsində Bakı-Tiflis-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə A.Əliyev və B.Tüfənkci ilə yanaşı, Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili də iştirak edib.
A.Əliyev bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu gələcəyə hesablanmış layihədir: "Bu layihə iştirakçı ölkələrin tranzit imkanlarının və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsində, bazar prinsiplərinin dərinləşməsində xüsusi rol oynayacaq. Bu layihənin reallaşmasında gömrük xidməti orqanlarının üzərinə böyük məsuliyyət düşəcək".
D.Kumsişvili isə bildirib ki, layihənin reallaşmasından istənilən nəticəni əldə etmək üçün hər üç ölkənin gömrük xidməti rəhbərləri əməkdaşlığı dərinləşdirməli və səylərinin əsirgəməməlidirlər: "Məqsədimiz hər üç ölkə arasında ticarət dövriyyəsinin artırılmasıdır. Bu layihə məqsədimizə çatmaqda yardımçı olacaq. İnanıram ki, Bakı-Tiflis-Qars işə düşdükdən sonra Qazaxıstan da bu layihələyə qoşulacaq və Orta Asiya ilə iqtisadi əlaqələrimiz və ticarət dövriyyəmiz artacaq".
B.Tüfənkci isə bildirib ki, Bakı-Tıflis-Qars layihəsində işlərin 85%-i tamamlanıb: "Müəyyən çətinliklər səbəbindən layihəni vaxtında tamamlaya bilmədik. Ancaq inanırıq ki, bu ilin iyul ayınadək layihə istismara veriləcək".
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV