"Code Academy" və "APA Holding" arasında saziş imzalandı

Bu gün "Code Academy" ilə "APA Holding" arasında təcrübələrin qarşılıqlı mübadiləsinə əsaslanan strateji əməkdaşlıq haqqında saziş imzalanıb.  

 

APA TV-nin məlumatına görə, "Code Academy"nin direktoru Ülvi Aslanov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. “Media qurumları içərisində öncül yer tutan "APA Holding"lə əməkdaşlıq bizim üçün də maraqlıdır” deyə o, qeyd edib: "Burada tələbələrə, sadəcə, bir müddət dərs keçirilmir. Akademiya həftə ərzində fəaliyyət göstərir, tələbələr daim Akademiyanın texniki imkanlarından istifadə edə bilirlər". 

 
"APA Holding"in vitse-prezidenti Arif Şəmistanlı isə deyib ki, "Code Academy" ilə əməkdaşlığın uğurlu olacağına əmindir: “Bizim əsas məqsədimiz innovativliyi qorumaqdır. "APA Holding"in hədəfi daim inkişafdır. Bu akademiya ilə əməkdaşlıq şirkətimizin əməkdaşlarının bilik və bacarıqlarının artmasına  imkan yaradacaq. Əməkdaşlığın hər iki şirkət üçün uğurlu olacağına inanırıq".


Daha sonra "Code Academy"nin direktoru Ü.Aslanov və "APA Holding"in vitse-prezidenti A.Şəmistanlı strateji əməkdaşlıq sazişini imzalayıblar. 

 

Qeyd edək ki, 2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” texnologiya sahəsində bacarıqlı kadrlar hazırlayan tədris müəssisəsidir. Burada proqramlaşdırma, sistem administratorluğu, dizayn, digital marketinq, 3D modelləşdirmə kimi istiqamətlər üzrə fərdi və korporativ tədris proqramları həyata keçirilir. İnformasiya texnologiyaları sahəsində 2016-cı ildən “Microsoft”la əməkdaşlığa başlayan “Code Academy” 2017-ci ildən etibarən mərkəzi İrlandiyada olan “Digital Marketing Institute”un Azərbaycan üzrə rəsmi partnyorudur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR