Goranboyda sanatoriya rəhbərinin maşını aşdı - 1 ÖLÜ, 3 YARALI

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobilin aşması bir nəfərin ölümü, 3 nəfərinsə xəsarət alması ilə nəticələnib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin rəhbəri, 1961-ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı öz işçiləri olan 3 qadını evlərinə aparan zaman onun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb.

Qəza zamanı müxtəlif xəsarətlər alan 4 nəfər - sürücü C.Hüseynova və sərnişinlər 1969-cu il təvəllüdlü Tapqaraqoyunlu kənd sakini Qarayeva Gülnarə Ağaəli qızı, onun həmkəndliləri 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızı və 1975-ci il təvəllüdlü Hacıyeva Sahibə Cuma qızı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onlardan S.Hacıyevanın həyatını xilas etmək mümkün olmayıb. Yaralıların Gəncədə olan tibb müəssisələrdən birinə aparılması nəzərdə tutulub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR