Alp dağlarında itmiş ər və arvadın cəsədləri tapıldı - 75 İL SONRA

İsveçrədə 75 il əvvəl itkin düşmüş Marselin və Fransin Dumoulin cütlüyünün donmuş cəsədləri Alp dağlarındakı bir xizəksürmə mərkəzi yaxınlığında tapılıb.

APA TV "Frans Press" agentliyinə istinadən xəbər verir ki, cəsədlərə 2600 metr yüksəklikdə teleferik stansiyası yaxınlığında rast gəlinib. Xizəksürmə mərkəzinin nümayəndələri tapıldığı zaman cəsədlərdən birinin buz qatı ilə tamamilə örtülü olduğunu bildirib.

Onların sözlərinə görə, buz qatının üstündə gördükləri təpəciyi əvvəlcə daş hesab ediblər, bir az yaxınlaşdıqda isə ərazidən bel çantası, su şüşəsi və bir cüt kişi və qadın corabları aşkarlanıb. Marselin və Fransin Dumoulin cütlüyünün bir buzlaq yarığına düşdükləri və indiyə qədər orada qalaraq donduqları, buzlar əriyincə isə bədənlərinin ortaya çıxdığı güman edilir.

Mərhum cütlüyün 7 uşağından ən kiçiyi olan 79 yaşlı Marselin Udri-Dumoulin bütün həyatlarını ana-atasını axtarmaqla keçirdiklərini və bir gün onlara layiq olduqları bir cənazə mərasimi təşkil edəcəklərinə həmişə inandıqlarını deyib.

Polis rəsmiləri bildirir ki, Marselin və Fransin 15 avqust 1942-ci ildə itkin düşüb. Rəsmi açıqlamaya görə, bölgədə 1925-ci ildən bəri təxminən 280 nəfərin itkin düşməsilə bağlı müraciət daxil olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR