Azərbaycan prezidenti Türkmənistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

 

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkmənistanla bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir.

 

Dövlət başçısı qarşıdakı illərdə əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. İyulun 19-da ölkəmizdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək görüşə toxunan prezident İlham Əliyev bunun yaxşı əməkdaşlıq formatı olduğunu vurğulayaraq, bu formatın üçtərəfli əlaqələr və regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

 

Rəşid Meredov isə qeyd edib ki, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşləri və təmasları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi işinə güclü təkan verir. Bu münasibətlər siyasi-diplomatik dəyərləndirmə baxımından nümunəvi xarakter daşıyır. Onun sözlərinə görə, əlaqələrimizin gündəliyində duran məsələlər həm ikitərəfli münasibətlər baxımından, həm də regional və qlobal baxımdan aktualdır.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR