Türkiyədəki 15 iyul hadisələri Bakıda anılıb

Akademik Milli Dram Teatrında 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş “15 iyul dastanı” adlı anım gecəsi keçirilib. Tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, dövlət nümayəndələri, millət vəkilləri və başqa şəxslər iştirak edib.

 

Ötən ilin 15 iyul tarixində baş verənlər haqda çəkilmiş qısametrajlı film nümayiş olunub, şəhidlərin ruhuna “Qurani Kərim"dən ayələr oxunub.

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubu səsləndirib.

 

Ə. Həsənov bildirib ki, kim də bilməsə, Azərbaycan xalqı bu hadisələrin nə olduğunu yaxşı bilir:

 

“Çünki biz özümüz də 1993-cü ildə belə hadisələrin şahidi olmuşuq. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər oldu. Hər iki halda Azərbaycanda da xain qüvvələr şəxsi ambisiyalarını xalqın iradəsindən üstün tutaraq dövlətə, dövlətçiliyə əl qaldırdılar, silah işlətdilər, Azərbaycanda qanuni hakimiyyəti devirməyə cəhd etdilər. Ancaq onların nəyə nail olduqlarını burada oturanlar çox yaxşı bilir”.

 

Əli Həsənovun sözlərinə görə, həm Azərbaycanın yaşadığı olaylar, həm də Türkiyədə 1 il əvvəl yaşanan hadisələr əsas bir həqiqəti ortaya çıxardı ki, bu həqiqəti də siyasətlə məşğul olan və hakimiyyət iddiası ilə yaşayan insan bilməlidir: Heç kim xalqın iradəsinə qalib gələ bilməz.

 

Ə. Həsənov qeyd edib ki, Türkiyədə də xain qüvvələr xalqın iradəsinə qalib gələ bilməyiblər, Sonda ayağa qalxan xalq öz canını qurban verərək bu çevrilişin qarşını alıb.

 

Prezidentin köməkçisi deyib ki, Azərbaycan prezidenti İlham Əliyev də 15 iyul gecəsi Türkiyədə baş verənlərdən narahat olub:

 

“Hər kəs bilir ki, 15 iyulda - o müdhiş gecədə Azərbaycanda demək olar heç kim səhərə qədər yatmadı. Azərbaycan prezidentinin köməkçisi kimi mən şahidəm ki, səhərə qədər cənab prezident İlham Əliyev o gecənin, belə deyək, ciddi sarsıntılarını yaşadı və səhərə qədər hadisələrin necə cərəyan edəcəyini, Azərbaycanın Türkiyənin qanuni seçilmiş, konstitusiya quruluşunu təmsil edən hakimiyyətinə necə yardım edəcəyini fikirləşdi, düşündü və müvafiq tapşırıqlarını verib, nə mümkündürsə onu həyata keçirtdi. Azərbaycan dövləti birinci olaraq bu məsələyə münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion rejimini, Türkiyə hakimiyyətini dəstəklədi”.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubu Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov Türkiyə səfiri Erkan Özorala təqdim edib.

 

Türkiyə səfiri E. Özoral Türkiyəyə verdiyi dəstəyə Azərbaycana təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycan dövləti FETÖ-ya qarşı mübarizədə Türkiyəyə daim dəstək verib: “Oxşar hadisələr 1994-1995-ci illərdə Azərbaycanda da baş verib. Həmin vaxt Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqa çağırış etdi. Belə hadisələr zamanı əsl liderlər meydana çıxır”.

 

Tədbirdə  Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, millət vəkili Hikmət Babaoğlu və digərləri ötən il baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı fikirlərini bölüşüblər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR