Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başlayır
"İyulun 17-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanacaq".
APA TV-nin xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Nazirlikdə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılacaq. Sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses avqustun 15-dək davam edəcək: “Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Eyni zamanda tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır”.
C.Valehov qeyd edib ki, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir: “Qeyd etməliyəm ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb”.
Kəsiri olan tələbələr də bir universitetdən digərinə köçürülə bilər. Bunun həm ali məktəblərə, həm də kolleclərə aid olduğunu deyən sektor müdiri qeyd edib ki, kəsiri olan tələbələr akademik borclarını köçürüldükləri universitetlərdə ödəyə bilərlər. Ödənişli ixtisas üzrə təhsil alan tələbələr ödənişli ixtisasa, ödənişsiz ixtisas üzrə təhsil alan tələbələri isə yalnız ödənişsiz ixtisasa köçürülə bilər.
OXŞAR XƏBƏRLƏR
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV