Azərbaycanda iki ana doğuşdan sonra öldü - BİR GÜNDƏ

Azərbaycanda daha iki doğuş faciəsi baş verib. Lent.az xəbər verir ki, Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuşdan bir neçə saat sonra vəfat edib.

 

33 yaşlı K.Bəkirova Şamaxı rayonunda yaşayıb və 2 övlad anası olub. Üçüncü hamiləliyi çox ağır keçdiyindən, Şamaxı Rayon Mərkəzi Xəstəxanası onu daha ixtisaslaşmış tibb müəssisəsi olan Perinatal Mərkəzə yönləndirib. İyulun 11-də gecə saatlarında qadın Bakıda 3-cü övladını dünyaya gətirib və bir neçə saat sonra vəfat edib. Dünyaya gətirdiyi körpənin isə sağ olduğu, həyatına təhlükə qalmadığı bildirilir.

 

Digər ölüm hadisəsi Sumqayıtda baş verib. Sumqayıt şəhər Səhiyyə İdarəsinin müdiri Nəriman Baxşəliyev APA-ya deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib: “Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq, qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq”.

 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR