İmişlidə qeyri-adi quzu doğuldu

İmişli rayonunun Əliqulular kənd sakini Yaqub Baxşəliyevin təsərrüfatında qeyri-adi quzu doğulub.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, quzunun ətraf əzalarının yerində olmasına baxmayaraq, ağız və qulaqları yerlərini dəyişib. Hərəkəti və bədən nahiyəsi normal olsa da, quzu özü normal şəkildə qidalana bilmir.

 

Yaqub Baxşəliyev deyir ki, daha əvvəllər ikibaşlı, üçayaqlı doğulan quzulara nadir hallarda rast gəlsə də, belə patologiya ilə doğulan quzuya ilk dəfədir rast gəlir. Bu dəfə doğulan quzunun alt çənəsi üst çənəyə bitişmədən qalıb. Eyni zamanda quzunun qulaq orqanları və alt çənəsi boğaz nahiyəsinə doğru yerini dəyişib. Bu isə quzunun qidalanmasında xeyli çətinlik yaradır.

 

Yeni doğulan quzu artıq 3 gündür yaşayır. O, digər quzular kimi normal qaçıb yeriyir, həmçinin qoyun-quzu ilə birgə gəzir. Təkcə ağız hissəsindəki anormallıq onun qidalanmasında əngəl yaradır. Təsərrüfat sahibi indi əlacsız qalıb və quzu ilə nə edəcəyini bilmir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR