Milli Məclisin deputatları Alxanlıya səfər edib

Milli Məclis sədrinin müavini Bahar Muradova və bir qrup millət vəkili Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, cəbhə xəttində yerləşən yaşayış məntəqəsinə gələn deputatlar iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olan kənd sakinləri Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 18 aylıq Quliyeva Zəhra Elnur qızının həlak olduqları əraziyə baxış keçiriblər.

 

Kənd sakinləri ilə görüşdən sonra parlamentarlar Zəhra və nənəsinin qəbrini ziyarət ediblər. Daha sonra Zovcuq-5 qəsəbəsinə gələn millət vəkilləri erməni təxribatının qurbanlarının yas mərasimində iştirak edib, onların yaxınlarına başsağlığı veriblər.

 

Görüş Horadiz xəstəxanasında davam edib. B.Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti həmin gün yaralanan Sərvinaz Quliyevaya da baş çəkib.

 

Jurnalistlərin suallarını cavablandıran MM sədrinin müavini Bahar Muradova düşmənin niyyətinin cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində yaşayan mülki əhalinin gözünü qorxutmaq olduğunu deyib: "Ermənistan rəhbərliyinin məqsədi ondan ibarət idi ki, cəbhə kəndlərində yaşayan əhalinin gözünü qorxutsun və bu ərazilərdən köçməsinə nail olsun. Üstəlik, bu ərəfədə Cocuq Mərcanlıya qayıdış başlamışdı, provokasiyaların məqsədi aydın oldu ki, nəyə yönəlmişdi. Ermənistan istədiyini əldə edə bilmədi. Azyaşlı uşağın, yaşlı qadının həyatına son qoymaqla beynəlxalq hüququ, müharibə qaydalarını pozdu və bir daha güddüyü hədəflərə nail olmadı".

 

Görüşdə iştirak edən millət vəkili Azay Quliyev ermənilərin törətdiyi təxribatların ATƏT-in Parlament Assambleyasında müzakirə olunduğunu deyib: "Ermənilər tamamilə ifşa olundu. Biz ATƏT Parlament Assambleyasından gəlirik. Biz sizi əmin edirik ki, ATƏT-in 57 üzv ölkələrin nümayəndələri ermənilərə açıq şəkildə nifrətlərini ifadə etdilər. İnsanlıq əleyhinə olan bir cinayətdir. Milliyyətindən asılı olmayaraq, 2 yaşlı körpə uşağa atəş açmaq alçaqlıq, cinayətdir. Ermənilərin maskası yırtıldı və bu hadisə bütün dünya ictimaiyyətinə çatdırıldı".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR