General oğlunun döydüyü sürücü: "Arxadan başıma vurdu, huşumu itirdim"

Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə ilə bağlı APA TV-yə müsahibə verib.

 

Sürücü Sənan Səmədov bildirib ki, iyulun 3-də 3-cü mikrorayon dairəsinə daxil olan zaman idarə etdiyi 85 saylı marşrutun qarşısına qəfildən 10 OG 300 nömrə nişanlı BMW markalı maşın çıxıb. Əyləci basaraq avtobusu saxlayıb və siqnal verib. Hər şey elə bundan sonra başlayıb: "Gəldi ki, sən niyə siqnal verirsən. Tək idi maşında. Dedim işarə var orda, dairəyə girəni gözləməliydin. Arxamca gəldi, şüşəni aşağı saldı, dedi mobil nömrəni ver, axşam görüşək, sənə başa salaram. Vermədim".

 

Daha sonra general oğlu onun arxasınca gəlib. 8 dayanacaq avtobusu təqib etdikdən sonra sonuncu məntəqədə onu gözləyib. Amma bu dəfə tək yox: "Başqa bir maşın saxladı. 009 idi nömrəsi, "Pajero" idi. Düşüb getdim məntəqəyə. Dispetçerə danışdım olanları. Dedi sən narahat olma, mən danışaram. Daha sonra özləri mənə yaxınlaşdılar. 3 nəfər idilər. Bu zaman Rüstəm arxadan başıma vurdu. Yıxıldım, huşumu itirdim. Bir də ayıldım ki, xəstəxanadayam".

 

“Xaliq Faiqoğlu” şirkətinin sürücüsü, demək olar, bir sutka xəstəxanada qalır. Başında ağrılar olduğundan, təkrar müayinə üçün generalın təşəbbüsü ilə özəl klinikalardan birinə göndərilir. Rentgen olunduqdan sonra idarədə onu gözləyən müstəntiqin yanına gəlir. Bu vaxt general Novruzəli Orucov da orda olur. Sürücüyə yaxınlaşır və Rüstəmin atası olduğunu deyib şikayətçi olmamağı xahiş edir.

 

Şikayətini geri götürən Sənan Səmədov bu hadisəyə görə generalın işdən çıxarılacağını, oğlunun isə tutulacağını ağlına belə gətirmədiyini söylədi. O, şəxsən tanımadığı sadə vətəndaşın da hüquqlarının müdafiəsinə qalxan prezident İlham Əliyevə təşəkkür etdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR