Necdet Ünüvar: "Azərbaycanlı qardaşlarımız da bizimlə bərabər sabaha qədər uyumadı"

"FETÖ terror təşkilatı təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhdiddir. Ona görə də FETÖ-yə qarşı təkcə Türkiyə yox, bütün dünya mübarizə aparmalıdır”. APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə” mövzusunda təşkil edilən dəyirmi masada çıxış edərkən deyib.

 

Səfir qeyd edib ki, 15 iyul heç vaxt unudulmayacaq: “Həmin tarixdə Türkiyə Cümhuriyyətinə qarşı xainlik edilib. Türk millətinin hər bir fərdi 15 iyulda ölkə başçısının bir çağırışı ilə küçələrə çıxıb, canlarını xainlərin silahlarına sipər etdi. O gecə 250 nəfər şəhid oldu. Onların xatirəsini əbədi olaraq hörmət və ehtiramla anacağıq”.

 

Səfir dövlət çevrilişinə cəhd zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

 

Milli Məclisin deputatı, Əhliman Əmiraslanov qeyd edib ki, bir il əvvəl qardaş Türkiyədə baş verən dövlət çevrilişi cəhdi yalnız Türkiyədə deyil, Azərbaycanda da böyük təşviş yaradıb. Azərbaycan parlamenti həmin vaxt sözügedən hadisə ilə bağlı bəyanatla çıxış edib.

 

Türkiyə Böyük Millət Məclisinin üzvü Necdet Ünüvar Azərbaycanın dəstəyi haqqında danışıb, iki ölkə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb: "O gün bizlər Türkiyədə çevrilişi yaşayarkən azərbaycanlı qardaşlarımız da bizimlə bərabər sabaha qədər uyumadı, anbaan sürəkli arayaraq halımızı və nə durumda olduğumuzu sordular. Bütün olanlara rəğmən, Azərbaycan və Türkiyə olaraq dimdik ayaqdayıq. Azərbaycanla Türkiyə arasında əsrlər boyu dostluq münasibətləri var".

 

Qeyd olunub ki, 15 iyul hadisələri ilə bağlı 12 ölkədə tədbir keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR