Zığ-Hövsan yolunda yeni dairə inşa edilib
Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, 24.5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.
İlkin mərhələdə nəzərdə tutulan 6.8 km yolun 1.1 km-i hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. 6.8 km-lik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Sözügedən hissə 2 gediş 2 gəliş olmaqla, 4 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 18.5 m olmaqla torpaq yatağinin eni 27.5 m-dir.
Layihəyə uyğun olaraq Zığ-Hövsan yolunda mühəndisi-kommunikasiya xətləri köçürülüb, 1-1.5 metr dərinlikdə yol yatağının yararsız qrunt qazılaraq çıxarılıb, qazılan hissələrə karbonat materialı tökülərək yenidən kipləşdirilib, həmçinin suötürücü boru və keçidlərin inşası işləri də aparılaraq yekunlaşdırılıb.
Hazırda yol boyu asfaltlanma işləri aparılır. Yolun 2.3 km-nə 2 qat olmaqla, 2.5 km-nə isə 1 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə yola 3 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Bundan başqa, layihə çərçivəsində hazırda səki daşlarının düzülməsi, ümumilikdə 300 m uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin inşası işləri aparılır.
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə - yolun 1.8, 2.2 və 4.2-ci km-lik hissələrində yerüstü piyada keçidləri də inşa edilir. Keçidlərinin birində son tamamlanma işləri aparılır.
Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə layihə çərçivəsində yeni dairə və yol hissəsi də inşa edilib. 15 metr diametrində olan dairə 5 giriş-çıxışlıdır. Hazırda dairədə son tamamlanma işləri aparılır.
Yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub.
Qeyd edək ki, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu salınarkən o vaxtkı hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilmişdi. Hazırkı hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə sözügedən avtomobil yolu ilə hərəkətdə müəyyən problemlər yaşanırdı.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi