Prezident İlham Əliyev: "Zəhranın və nənəsinin qanı yerdə qalmadı"

“2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub”. APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.

 

Dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb.

 

Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında Azərbaycanın beynəlxalq əlaqələrinin daha da fəallaşdığını, dünyada böyük hörmətə malik ölkəmizin dostlarının sayının çoxaldığını, beynəlxalq təşkilatlarda fəallıq göstərildiyini diqqətə çatdırıb.

 

İlin əvvəlindən 10 ölkəyə səfər etdiyini deyən prezident İlham Əliyev vurğulayıb ki, bu səfərlərin coğrafiyası Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini təsdiqləyir. İl ərzində ölkəmizdə bir neçə mötəbər tədbirin - V Qlobal Bakı Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini deyən dövlət başçısı bu tədbirlərin ölkəmizə olan münasibəti və hörməti əks etdiyini və dünyada gedən proseslərə müsbət təsir göstərdiyini bildirib.

 

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev milli komandamızın bu oyunlarda birinci yeri tutduğunu, bunun da Azərbaycanın güclü idman dövləti olmasından irəli gəldiyini qeyd edib.

 

Bakıda keçirilmiş 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə ABŞ prezidenti Donald Trampın ünvanlandığı məktubun əhəmiyyətindən danışan dövlət başçısı ABŞ dövlət katibi ilə bir neçə gün öncə İstanbulda keçirdiyi görüşü də yüksək qiymətləndirib.

 

"Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur", - deyə o vurğulayıb.

 

Dövlət başçısı Ermənistan Azərbaycan münaqişəsinə də diqqət çəkib. Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistanın hər zaman təxribata əl atdığını deyən prezident İlham Əliyev bildirib ki, bunu illər öncə Ermənistan parlamentində baş verən terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının ordumuz tərəfindən layiqincə alınması da təsdiqləyir.

 

Ötən ay törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir hərbçisinin şəhid olduğunu, lakin Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verdiyini deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunun Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdiyi deyib: "Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, Zəhranın və nənəsinin qanı yerdə qalmadı".

 

Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma referendum dünya birliyi və beynəlxalq birliklər tərəfindən tanınmayıb: "Bununla da beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib. Bundan əlavə, ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb".

 

Prezident İlham Əliyev qeyd edib ki, ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib: "Dünən xarici işlər nazirləri görüşüb, Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib və beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR