İşdən çıxarılan general: "Prezident bu dəfə bağışlamadı"

Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini - Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov “Qafqazinfo”ya açıqlama verib.

 

APA TV-nin xəbərinə görə, sabiq rəis müavini dünəndən müzakirələrə səbəb olan oğlu Rüstəm Orucovun hərəkətlərinə münasibət bildirib: “Mən 6 yaşımda atamı itirmişəm. Ailəmiz çox kasıb vəziyyətdə yaşayıb. Fəhlə də işləmişəm. Günü 2 manat pula işləyirdim ki, başsız ailəmizi dolandırım. Çətinliklərlə yaşayıb böyümüşəm. Öz gücümə təhsil almışam. Birinci dəfə cənab prezident “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı. Oğlum paraşütdən tullanma üzrə rekordçudur, general Dadaş Rzayevlə bərabər tullanıb. Nə edək, olmamalı idi, oldu. Polis Akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxartdılar”.

 

N.Orucov oğluna görə peşman olduğunu da qeyd edib: “Çox peşmanam. Gərək onu cəzalandırardım, döyərdim. Cənab prezidentdən çox razıyam, dediyim kimi, birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın! Qoy bu hadisədən bütün generallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR