İranın nazir müavini "APA-Holding"də oldu

İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin rəhbərlik etdiyi nümayəndə heyəti "APA-Holding"də olub.

 

APA TV-nin məlumatına görə, "APA-Holding"in prezidenti Vüsalə Mahirqızı qonaqları salamlayaraq, şirkət haqqında ətraflı məlumat verib.

 

İranla Azərbaycan arasında yaxın münasibətlərin önəmini qeyd edən V.Mahirqızı qarşılıqlı əməkdaşlığın daha da güclənməsində mətbuatın mühüm rol oynadığını bildirib. O, şirkətin fəaliyyət istiqamətində bu xəttin proioritet təşkil etdiyini vurğulayıb, buna misal olaraq bir müddət əvvəl APA-nın İranda bürosunun yaradıldığını deyib. V.Mahirqızı APA-nın İranın aidiyyəti qurumları, habelə Azərbaycandakı səfirliyi ilə də yaxından əməkdaşlıq etdiyini, bu əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni layihələr həyata keçirməyə hazır olduqlarını bəyan edib. O, iki ölkənin media orqanları, eləcə də beyin mərkəzləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasının ümumilikdə ölkələr arasında daha da yaxınlaşmaya gətirib çıxaracağına əminliyini vurğulayıb: "Hesab edirik ki, hər bir görüş bizim münasibətlərimizi daha da yaxınlaşdırır".

 

Öz növbəsində APA-nın fəaliyyəti haqqında məlumatlı olduğunu bildirən H. Entezami də iki ölkənin mətbuat orqanları arasında əməkdaşlığın ümumi işə mühüm töhfə verə biləcəyini vurğulayıb. Nazir müavini qeyd edib ki, İran prezidenti Həsən Ruhani hökumətinin siyasətinin əsas istiqamətlərindən biri də KİV arasında əlaqələrin inkişafına yönəlib. "Bu səbəbdəndir ki, ötən 4 il ərzində əcnəbi KİV-in Tehranda ofislərinin sayı 20 faiz artıb", - deyə o bildirib.

 

Azərbaycanla əlaqələri bütün sahələrdə genişləndirməkdə maraqlı olduqlarını bildirən H.Entezami bunun üçün lazım olan addımların atıldığını qeyd edib. O, görüşdə səsləndirilən təkliflərin dəyərləndiriləcəyini, həyata keçməsi istiqamətində lazımi tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılılıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR