Qolu sınan 9 yaşlı uşaq əməliyyat zamanı öldü - AĞDAŞDA FACİƏ

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunun Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ qolun said sümüyünün sınığı diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Xəstəni qəbul edən cərrah həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəflətən ölüb.

 

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi İdris Əliyev 9 yaşlı uşağın ölümünün səbəbi barədə APA TV-nin yerli bürosuna məlumat verib. O bildirib ki, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlunun sağ qolu 28 gün əvvəl sınıb, valideynləri bununla bağlı həkimə müraciət etməyib, travmatoloji yardım almayıb. Onun qolu ara həkiminin köməyi ilə səhv müalicə olunub. Sonra qolunda ağrılar baş verdiyi üçün valideynləri uşağı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirərək, rentgen müayinəsindən keçiriblər və xəstənin qolunda cərrahiyyə əməliyyatının aparılması məsləhət görülüb.

 

İdris Əliyevin sözlərinə görə, iyulun 10-da xəstəxanaya daxil olan uşağın əməliyyata hazırlanması prosesi başlayıb, bir neçə sahə üzrə müayinələr aparılıb və narkoz vurulub. Saat 16:00-da cərrahiyyə əməliyyatı başlanmalı olduğu halda, icra edilə bilməyib. Həmin vaxt uşağın halı pisləşib və xəstədə ürək dayanması baş verib. Saat yarım ərzində bütün reanimasion tədbirlər görülməsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Hadisə cərrahiyyə blokunda baş verib, lakin uşaq cərrah həkimin əməliyyata başlamasından öncə, yəni ümumi keyitmə zamanı dünyasını dəyişib.

 

İdris Əliyev bildirib ki, ölüm hadisəsinə keyitmə zamanı istifadə olunan hansısa preparat səbəb olub və bunu ekspertiza müəyyən edəcək: “Bu hadisə prosedur qaydada narkozun fəsadı kimi qeydə alınıb. Narkoz insanın həyatına son qoya bilər. Bu hadisədə cərrah həkim kimi məni günahlandırmaq düzgün deyil. Xəstə ümumi keyitmə prosesində dünyasını dəyişib və ona cərrahiyyə əməliyyatı tətbiq etmək mümkün olmayıb”.

 

Uşağa narkoz verən həkim Nizaməddin Məsimov özünü pis hiss etdiyinə görə hadisə ilə bağlı danışa bilmədiyini deyib.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR