Prezident İlham Əliyev: "Azərbaycan neftin vətənidir"
İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.
APA TV xəbər verir ki, Konqres ötən il iyulun 15-də Türkiyədə baş verən hadisələr zamanı həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak və çıxış edib. O qeyd edib ki, Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür: "Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı bunun təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik. Fürsətdən istifadə edərək qardaş türk xalqına bütün Azərbaycan bacı-qardaşlarının səmimi salamlarını çatdırıram.
Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi".
Prezident İlham Əliyev Azərbaycanın qədim neft diyarı olduğunu vurğulayıb: "Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə məhz Azərbaycanda, Bakıda çıxarılmışdır. Ondan bir əsr sonra - XX əsrin ortalarında yenə də dünyada ilk dəfə olaraq dənizdən neft Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdir. Lakin o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə bilmirdik. Ancaq müstəqillik dövründə Azərbaycan xalqı öz taleyinin, öz təbii sərvətlərinin sahibi oldu. Müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etməyə başlamışdır. Müstəqilliyimizin ilk illərində - 1994-cü ildə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizindəki karbohidrogen yataqlarını xarici sərmayədarların üzünə açdı".
Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsi barədə geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək: “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk.
Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə xarici sərmayə də böyük həcmdə qoyulur. Öz növbəmizdə, biz də xarici ölkələrə sərmayə qoyuruq. Burada da birinci yerdə qardaş ölkə Türkiyədir. Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulubdur. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaqdır.
Bir sözlə, əziz dostlar, bu gün biz enerji təhlükəsizliyi deyəndə əlbəttə ki, icra etdiyimiz layihələr yada düşür. Bir daha çıxışımın əvvəlinə qayıtmaq istəyirəm. Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır".
Sonda prezident İlham Əliyev Konqresə dəvətinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi