Gəncədə keçmiş məhkumu yumruqla öldürən şəxs tutuldu

Gəncədə baş verən qətlin üstü açılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə iyulun 9-da qeydə alınıb.

 

1978-ci il təvəllüdlü şəhər sakini, əvvəllər məhkum olunmuş Orucov Ramin Adil oğlunun meyiti şəhərin “Sərçə bazarı” adlanan ərazisində aşkarlanıb. Müayinə zamanı onun döyülərək qətlə yetirildiyi məlum olub.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədov Eldəniz Sahib oğlu saxlanılıb. O ifadəsində bildirib ki, şəhərdə olan çay evlərinin birində R.Orucov onun atasını söydüyünə görə aralarında mübahisə düşüb və Raminə bir neçə yumruq zərbəsi endirib.

 

Xəsarət alan Ramin Orucov çay evindən çıxıb gedən zaman “Sərçə bazarı” adlanan ərazidə ölüb.

 

İlkin məlumatlarda cinayəti törətməkdə şübhəli bilinən Eldəniz Məmmədovun kikboksinq üzrə bir neçə dəfə Azərbaycan çempionu olduğu bildirilsə də, Azərbaycan Kikboksinq Federasiyası bu xəbərləri təkzib edib.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR