BDU-da "Jurnalistika" dərs vəsaitinin təqdimat mərasimi keçirildi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Jurnalistika" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir.

 

Kitab 3 hissədən - "Dünyanın aparıcı informasiya agentlikləri", "Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri" və "Beynəlxalq jurnalist hərəkatı" bölümlərindən ibarətdir. İlk bölmədə dünyanın xəbər axınını təmin edən əsas informasiya agentlikləri ətraflı şəkildə araşdırılır. İkinci bölmədə Azərbaycanın ilk xəbər agentliyi olan "AzərTAC"dan başlayaraq çağdaş dövrün bütün agentlikləri və digər xəbər portalları, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatları tədqiqata cəlb olunur.

 

Dərs vəsaitində "APA Holding" haqqında da ətraflı məlumat yer alıb. Oxucular kitabda agentliyin tarixi və fəaliyyəti ilə bağlı tanış ola bilərlər. "APA Holding"in prezidenti Vüsalə Mahirqızı bildirib ki, kitabda dünyanın aparıcı xəbər agentliklərinin tədqiq edilməsi ilə yanaşı, Azərbaycan informasiya resurslarının da fəaliyyəti geniş araşdırılıb: "Burda informasiya agentlikləri, informasiya agentliyi strukturunda fəaliyyətə cəlb olunan saytlar barədə də informasiya var. Bu kitabda tək yerli agentliklərin işi öyrənilməyib, dünya informasiya agentliklərinin işi sistemi öyrənilir. Çünki məlumatların bir anda toplanılması  və yayılması məsələsində agentliklərin rolu hər gün artır".

 

Qeyd edək ki, kitabın müəllifləri Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovadır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR