Qonaqları yola salan Ştaynmayer Hamburqa gəldi: "Təşəkkür etmək vacibdir..."

Almaniyanın Hamburq şəhərində keçirilmiş "Böyük İyirmilik" sammiti başa çatandan bir gün sonra ölkə prezidenti Frank-Valter Ştaynmayer şəhərdə olub. O, sammit iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təşkil olunmasına görə hüquq mühafizə orqanlarının əməkdaşlarına təşəkkürünü bildirib.

APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, qloballaşma əleyhdarlarının foruma qarşı təşkil etdikləri kütləvi etiraz aksiyaları zamanı şəhər küçələrində polis qüvvələri ilə şiddətli qarşıdurmalar yaranıb.

“Mən baş verənlərin dəhşətli görüntülərini gördüm. Heç bir sözüm yoxdur. Məhz buna görə də bu gün burada olmaq və zorakılığın qarşısını almış şəxslərə təşəkkür etmək çox vacibdir", - Ştaynmayer belə deyib.

Bəzi etirazçılar hətta polisə daş və "molotov kokteyli" atıb. Nəticədə 476 qanun keşikçisi xəsarət alıb. Etirazçıların 186 fəal üzvü isə həbs olunub. Etiraz aksiyaları zamanı şəhərə bir neçə milyon avro dəyərində ziyanın dəydiyi bildirilir.

Qeyd edək ki, "Böyük İyirmiliy"in növbəti görüşü Buenos-Ayresdə baş tutacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR