Azərbaycanlı uşaqlar Bolqarıstanda "Sarı Gəlin"lə qalib gəlib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivaldan qayıdıblar. Həm də uğurla.
APA TV-nin məlumatına görə, “Oyuq” teatr studiyasının balaca aktrisa-vokalçıları daha bir beynəlxalq yarışmada iştirak ediblər. Onlar Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival"ında ölkəmizi uğurlar təmsil ediblər.
Yarışmanın ilk günü musiqisi Vüqar Camalzadəyə, sözləri Cəmilə Allahverdiyevaya məxsus “Əlimdən tut” mahnısı təqdim olunub. Növbəti gün isə “Oyuq” fəalları “Sarı gəlin”i ifa ediblər.
Studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva səfər təəssüratlarını bölüşüb: “Güclü ifalar var idi. Çıxışlar gözəl idi, amma biz seçilirdik. Düşündüyümüz kimi də oldu. Birincilik qazandıq. Uşaqlar jürinin rəğbətini qazandı. Çox bəyəndilər. Onların məqsədi xalqlar arasında dostluq yaratmaqdır. Uşaqların səsini, səhnə hərəkətini dəyərləndirsinlər və hər il keçirilən müsabiqələrə dəvət etsinlər. İlk gün ən gözəl mahnını seçirlər, ikinci gün isə ifanı, səsi. Biz də hər iki gün gözəl çıxış etdik”.
Yeri gəlmişkən, yarışma müddətində məhz “Sarı gəlin” mahnısı dövlət radiosunda səsləndirilib.
Balaca istedadlardan Aylin Nəcəfli bu müsabiqədə ikinci dəfədir iştirak edir. İstedadlı qızcığaz qeyd edib ki, təcrübəsi birincilik qazanmasına kömək edib: “Biz orada mələklər kimi çıxış etdik. Bizim balacamız Surin də oxudu, amma “Sarı gəlin”də sadəcə rəqs elədi. “Oyuq” studiyası mənə çox doğmadır”.
Mehrin Vəlizadə isə ilk dəfədir xarici ölkədə keçirilən yarışmaya qatılıb: “Biz bu yarışmada çox əyləndik. Heç vaxt həyəcanlanmıram. Çünki həmişə özümə arxayınam. “Sarı gəlin”i bir dəfə Azərbaycan və ingilis dillərində ifa etmişəm. Amma bu dəfə Səidə müəllimədən xahiş etdim ki, mən ingilis dilində oxuya bilərəm. O da razılaşdı”.
Qrupun ən kiçiyi Surindir. Bu, onun da ölkə xaricində ilk çıxışı olub: “Ən çox rəqs etməyi sevirəm. Süzmə hərəkətini bəyənirəm”.
Qeyd edək ki, bundan əvvəl də studiyanın iki fəalı bu festivala qatılaraq laureat diplomları ilə təltif olunub. Balaca istedadlara gələcəkdə daha böyük nailiyyətlər qazanmağı arzu edirik.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA