İsmayıllıda istirahət mərkəzində faciə: 2 ölü, 2 yaralı

İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyulun 7-də axşam saatlarında İsmayıllının İstisu kəndi ərazisində yerləşən “Green House” istirahət mərkəzində baş verib. İstirahət etmək üçün Bakı və Zaqataladan İsmayıllıya gələn 4 turisti elektrik cərəyanı vurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Xırdalan şəhər sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini, 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Dünyasını dəyişən şəxslərin meyitləri müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

 

Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıq lampalarının və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya keçdiyi ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.  Faktla bağlı İsmayılı rayon Prokurorluğu və Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR