Türkiyənin azərbaycanlı təhsil rekordçuları Bakıda
Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bahçeşehir Universitetinin (BAU) tələbəsi Günel Musayeva 106 ölkədən təhsil alan tələbələr arasında universitet birincisi olub və "Qızıl beyin" mükafatına layiq görülüb.
APA TV-nin məlumatına görə, Bahçeşehir Universitetini uğurla bitirən azərbaycanlı məzunlar Günel və Xeyransa Musayevaların uğurları ilə bağlı Bakıda mətbuat konfransı keçirilib.
İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsini bitirən Günel Musayeva Bahçeşehir Universiteti ilə tələbə mübadiləsi əsasında təhsilini ABŞ-ın Syracuse Universitetində davam etdirib. Onun universitet tələbələri qarşısında məzuniyyət çıxışı sosial şəbəkələrdə böyük maraq doğurub. Günel Musayeva qazandığı uğura görə ailəsinə təşəkkür edib, qələbəsini valideynlərinə və Türkiyə-Azərbaycan qardaşlığına ithaf etdiyini deyib.
Günel təhsildə müvəffəqiyyət qazanmaq üçün gənclərə çətinliklərdən qorxmamağı, gərgin işləməyi və vaxtdan səmərəli istifadə etməyi tövsiyə edib. Müvəffəqiyyət formuluna gəldikdə, Günel Musayeva bunları söyləyib: “Sırf bir işlə məşğul olacağam deyə bunu yorucu bir hala gətirməkdənsə, sevərək etməyə çalışmışam. Və məncə, mənim uğurumun əsas təməl səbəblərindən biri bu olub ki, zamanımı nəyə ayırmışamsa, oradan maksimum şəkildə fayda götürməyə çalışmışam”.
Günel Musayevanın bacısı Xeyransa Musayeva isə Bahçeşehir Universitetində təhsilini universitet üçüncüsü olaraq bitirib. Xeyransa da bacısı ilə həmfikir olduğunu deyib: “Universiteti yüksək nəticə ilə bitirdiyimə görə çox xoşbəxtəm. Bahçeşehir Universitetində oxuyan hər kəs çox fərqli düşüncəyə sahibdir. Hər bir insan uğura nail olursa, bu təsadüf deyil. Uğurun əldə edilməsində yüzdə əlli faiz bizim əməyimiz varsa, yüzdə əlli faiz də təhsilin və müəllimlərin əməyi var”.
Tədbirdə çıxış edən universitetin rektoru Şenay Yalçın bildirib ki, rəhbərlik etdiyi təhsil olacağı istedadlı tələbələrə hər zaman dəstək olub. O, universiteti yüksək nəticələrlə bitirən tələbələr arasında azərbaycanlıların olmasından məmnundur: “Bahçeşehir Universitetində tələbələrin yüksək təhsil alması üçün böyük imkanlar var. Universitetin tələbələri türk dünyası üçün yetişirlər. Elə məzunlar yetişdirməliyik ki, hər yerdə çalışaraq bizi təmsil edə bilsinlər”.
Rektor əlavə edib ki, Bahçeşehir Universiteti artıq bu ildən Azərbaycan Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan yüksək bal toplayan tələbələrə təqaüd verəcək. Azərbaycanla möhkəm dostluq əlaqələrinin olduğunu vurğulayan Ş.Yalçın bunun göstəricisi olaraq “BAU Məzun və İletişim” ofisinin xarici ölkələr içində ilk olaraq Azərbaycanda açıldığını bildirib: “Əgər Azərbaycanda bizə uyğun şərait yaradarlarsa, universiteti Azərbaycanda da qura bilərik. İnanıram ki, belə də olacaq”.
Universitetin dekanı Necip Çakır azərbaycanlı tələbələrin müvəffəqiyyətlərindən danışıb, onlara uğurlar arzu edib.
Günel və Xeyransa Musayevalar isə uğurun təsadüfü olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan çalışmaqdan keçdiyinə inandıqlarını söyləyərək, onlara dəstək olanlara təşəkkür ediblər.
Qeyd edək ki, Bahçeşehir Universiteti ingilis dilində təhsil verir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA