I vitse-prezidentin köməkçisi Zəhranın öldürülməsindən danışdı
Şirvanda “Gənclər Evi”nin açılış mərasimi keçirilib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, bu münasibətlə keçirilən mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri - I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev və digər rəsmilər iştirak ediblər.
Bildirilib ki, tikinti üçün Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 0,3 hektar torpaq sahəsi ayrılıb. Üçmərtəbəli binanın zirzəmisində gənclər klubu, masaüstü oyunları, bilyard, fitnes və stolüstü tennis zalları və anbar yerləşir.
Ərazidə həmçinin yeraltı su anbarı, qazanxana, nasosxana inşa edilib, müasir soyutma, istilik, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri quraşdırılıb. Bina daimi su, qaz, işıq, rabitə, internet xətləri ilə, müasir mebel və avadanlıqla təchiz olunub.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edib. O qeyd edib ki, Şirvan şəhəri də daxil olmaqla, ölkəmizdə 39 “Gənclər Evi” fəaliyyət göstərir. Qarşıdakı müddətdə daha 4 “Gənclər Evi”nin istifadəyə verilməsi nəzərdə tutulub.
Prezident Administrasiyasının şöbə müdiri - I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev deyib ki, ölkə rəhbərliyinin istəyi Azərbaycan gəncliyini savadlı, sağlam, ağılı və xoşbəxt görməkdir: "Belə bir mərkəzlərin regionlarımızda tikilməsi oxumağı öyrənmək, öz bilik və bacarıqlarını təkmilləşdirmək, ünsiyyət yaratmaq üçün ideal bir məkandır. Azərbaycan gəncliyi bu gün çox məsuliyyətli bir dövrdə yaşayır. 2 gün öncə balaca Zəhramızın başına gələn hadisələr onu göstərir ki, uzun illərdir torpağımızı işğal altında saxlayan Ermənistan hakimiyyəti atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini, Xocalı soyqırımı zamanında olduğu kimi, öz torpaqlarında, öz evlərində öldürdülər. Lakin Azərbaycan dövləti və xalqı inanır ki, intellektual gücü və fiziki gücü olan Azərbaycan gəncləri bu problemin ədalətli həllində öz rolunu oynayacaq".
Qonaqlar yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA